SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
İyunun 19-da Milli Məclisin sədri Murtuz Ələsgərov Banqladeş Xalq Respublikasının Azərbaycandakı səfiri Nazimulla Çoudharini qəbul etmişdir.
Murtuz Ələsgərov səfiri səmimiyyətlə salamlayaraq xatırlatdı ki, onlar ilk dəfə 2000-ci ildə - səfir öz etimadnaməsini Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etdikdən sonra görüşmüşlər. O, Banqladeş Milli Məclisinin sədri Humayun Rəşid Çoudhuri ilə bu yaxınlarda keçirilmiş görüşü barədə də danışdı.
Səmimi qəbula görə təşəkkürünü bildirərək, diplomat Rusiya Federasiyasına yeni təyinatı barədə məlumat verdi. O, Banqladeş Milli Məclisi sədrinin yaxın zamanlarda bu ölkəyə rəsmi səfər etmək barədə dəvətini də Murtuz Ələsgərova yetirdi.
Murtuz Ələsgərov dəvətə görə təşəkkür edərək bildirdi ki, Azərbaycanın parlament nümayəndə heyəti yaxın vaxtlarda Banqladeşə səfər edəcəkdir.
Milli Məclisin sədri ikitərəfli əlaqələrin inkişafından danışaraq dedi ki, ölkələrimiz arasındakı diplomatik münasibətlər siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə imkan yaradır. Hələ Sovet hakimiyyəti illərində banqladeşli tələbələr Azərbaycanın ali məktəblərində təhsil alırdılar. O, nəzərə çarpdırdı ki, Bakı Dövlət Universitetində kafedra müdiri işlədiyi vaxtlarda onun da bu ölkədən gəlmiş tələbələri var idi. Onlardan biri bu yaxınlarda Böyük Britaniyaya səfir təyin edilmişdir.
Murtuz Ələsgərov qanunvericilik orqanları arasında əməkdaşlığın vacibliyini varğulayaraq bildirdi ki, Milli Məclisdə Azərbaycan-Banqladeş parlamentlərarası dostluq qrupu var.
Qəbulda qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edildi.