SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Fevralın 3-də Milli Məclisin sədri Murtuz Ələsgərov Çin Xalq Respublikasının Çendu şəhəri merinin müavini Tan Çuanpinin başçılığı ilə bu şəhərin nümayəndə heyətini qəbul etmişdir.
Səmimi şəraitdə keçən qəbulda Azərbaycan-Çin münasibətlərinin hazırki vəziyyəti və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı. Milli Məclisin sədri bildirdi ki, xalqlarımızın dərin kökləri olan dostluq əlaqələri Azərbaycan müstəqillik qazandıqdan sonra daha intensiv xarakter almışdır. Dövlət başçılarının görüşləri, Azərbaycan Prezidenti Heydər Əliyevin Çinə səfəri zamanı imzalanan və qarşılıqlı surətdə faydalı əməkdaşlığın hüquqi əsasını təşkil edən sənədlər münasibətlərin inkişafında xüsusi rol oynamışdır.
Murtuz Ələsgərov dinamik inkişaf edən parlamentlərarası münasibətlərdən söhbət açaraq, Çin parlamentinin rəhbəri Li Penin ölkəmizə səfərinin və Azərbaycan parlament nümayəndə heyətinin ötən il Çinə cavab səfərinin əhəmiyyətini vurğuladı. Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə görə ÇXR rəhbərliyinə və xalqına minnətdarlığını bildirdi.
Nümayəndə heyətinin başçısı Tan Çuanpin Azərbaycanın parlament nümayəndə heyətinin ÇXR-ə ötən ilki səfəri zamanı Çendu şəhərinə də gəlməsinə görə təşəkkür etdi. Bu şəhərin Azərbaycan paytaxtı ilə qardaşlaşması ideyası da məhz həmin səfər zamanı yaranmışdır. Qonaq bildirdi ki, Çendu şəhərinin rəhbərliyi bir sıra iqtisadi layihələr hazırlamışdır. Bu layihələr ölkəmizin hökumət strukturlarında nəzərdən keçiriləcəkdir. Onun sözlərinə görə, Çendunun optik kabellər və neft avadanlığı istehsal edən iri müəssisələri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.
Qəbulda Çinin ölkəmizdəki səfiri Çjan Siyun iştirak edirdi.