RƏSMİ XRONİKA
MİLLİ MƏCLİSİN DEPUTATI NİZAMİ CƏFƏROVUN ÇIXIŞI
Hörmətli deputatlar!
Əziz dostlar!
Mən əminəm ki, Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin abidəsi respublikamızın hər yerində, ölkəmizdən kənarda da qoyulacaqdır. Bu gün Milli Məclisdə qoyulan bu abidə tarixi əhəmiyyət daşıyır. Ona görə ki, burada xalq və dövlət arasında çox mürəkkəb, xalqın daim həsrətində olduğu bir sistem, bir münasibət təmsil olunur. Bu abidə bizim dövlətçiliyimizin abidəsidir. Azərbaycan xalqı böyük şəxsiyyətlərdən heç zaman kasadlıq görməmişdir. Amma böyük siyasi şəxsiyyətlərdən görmüşdür. Azərbaycanın hər zaman böyük siyasi şəxsiyyətə ehtiyacı olmuşdur. Hərdən düşünürəm ki, Heydər Əliyev müdrikliyi yalnız böyük bir şəxsiyyətin, bir insanın fərdi qabiliyyətininmi nəticəsidir? Amma hər dəfə düşünürəm ki, Heydər Əliyev Azərbaycan xalqının bütün enerjisini özündə təcəssüm etdirdiyinə görə böyükdür. Heydər Əliyev özünəqədərki Azərbaycanın etnik, mədəni, siyasi-ideoloji düşüncəsini böyük bir məharətlə ifadə etdiyi üçün xalqımızın, millətimizin, dövlətimizin təmsilçisidir. Əlbəttə, zaman keçir, dövr dəyişir, amma dünyanın bu mürəkkəb dövründə elə bir ideologiya, böyük məktəb var ki, biz ona əsaslansaq, heç zaman tufanlar içərisində batmayacağıq, həmişə irəli gedəcəyik. Heydər Əliyevçilik bir sistemdir, böyük bir ideologiyadır. Heydər Əliyevçilik Azərbaycandır. Heydər Əliyev bütövlükdə Azərbaycana bərabərdir. Onun şəxsiyyətində Azərbaycanın şəxsiyyəti təzahür edir. Biz bu yolla gedəcəyiksə, əminəm ki, heç nə itirməyəcəyik və hər şey qazanacağıq.
Ona da əminəm ki, Azərbaycanın bugünkü siyasi, ideoloji yolunun magistralını İlham Əliyevsiz təsəvvür etmək mümkün deyildir. İlham Əliyev Heydər Əliyevin yalnız davamçısı deyil, yeni bir mərhələdə azərbaycançılığın, Azərbaycan xalqının milli iradəsinin təzahürüdür.
Əlbəttə, bu düşüncələr bizim bu gözəl abidə ilə əlaqədar toplaşmağımızla bağlıdır. Eyni zamanda, bizim hər birimizin daxilində olan mükəmməl, möhtəşəm bir Heydər Əliyev abidəsi ilə bağlıdır. Əsas da budur – xalqın ruhudur. Bu ruh elə bir möhtəşəm, güclü bir enerjidir ki, onu bir şəxsiyyətdə təzahür etdirəndə və o şəxsiyyətin ardınca gedəndə xalq güclü olur, möhtəşəm olur. Əminəm ki, biz güclü və möhtəşəm xalqıq və bizim yolumuzun istiqamətini Azərbaycan xalqı da, millətimiz də və millət vəkilləri də bilir.
X X X
Azərbaycan Respublikasının Prezidenti mərasimdə çıxış etdi.