İQTİSADİYYAT
MİNGƏÇEVİR SES-İN KOLLEKTİVİ HEYDƏR ƏLİYEVİN QARŞIDAKI PREZİDENT SEÇKİLƏRİNƏ NAMİZƏDLİYİNİ DƏSTƏKLƏMİŞDİR
Mingəçevir SES-in kollektivi Heydər Əliyevin qarşıdakı prezident seçkilərində dövlətimizin başçısı vəzifəsinə namizədliyinin irəli sürülməsini böyük ruh yüksəkliyi ilə dəstəkləmişdir. “Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, stansiyanın əmək kollektivinin ümumi yığıncağında milli energetikanın yaranmasında və təşəkkülündə, ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında dövlətimizin başçısının müstəsna rolu xüsusi qeyd edilmişdir. Yığıncaq iştirakçıları əmin etmişlər ki, Mingəçevir SES-in gələn ilin yanvarında qeyd olunacaq 50 illiyini yeni əmək nailiyyətləri ilə qarşılayacaqlar. Belə bir inam ifadə edilmişdir ki, regionun bu ən iri su elektrik stansiyası ölkə iqtisadiyyatı üçün çox gərəkli olan elektrik enerjisi istehsalını özünün yarım əsrlik yubileyinədək artıracaqdır. Prezident seçkiləri gününü layiqincə qarşılamağa hazırlaşan Mingəçevir SES-in əməkçiləri istehsalın sürətini gündən-günə yüksəldirlər.