MƏDƏNİYYƏT
MOSKVADAKI CÜMƏ MƏSCİDİ GENİŞLƏNDİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Moskvadakı Cümə məscidində yeni salonun bünövrəsinə təntənəli şəraitdə xatirə daşı qoyulması mərasimi olmuşdur. Cümə məscidinin 100 illiyi münasibətilə üçgünlük təntənə çərçivəsində keçirilən tədbirdə Moskva şəhəri merinin müavini Mixail Men, Rusiya və beynəlxalq müsəlman təşkilatlarının nümayəndələri, ictimai xadimlər və qonaqlar iştirak etmişlər.
Layihəyə görə, Moskva Cümə məscidi genişləndirildikdən sonra burada eyni vaxtda üç minədək adam namaz qıla və ibadət edə biləcəkdir. İndi isə məscid 1,5 minə yaxın adam tutur ki, bu da Rusiya paytaxtı müsəlman icmasının tələbatını açıq-aşkar ödəmir. Məsciddə yeni salonun tikintisinə Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və digər ərəb ölkələri maddi yardım göstərməyə hazır olduqlarını bildirmişlər.
Xatırladaq ki, Moskva Cümə məscidi 100 il əvvəl Jukovun layihəsi ilə Mavritaniya memarlığı üslubunda tikilmişdir. Onun memarlıq abidəsi statusu var, buna görə də məscidi uçurub, yenidən tikmək olmaz.