İDMAN
MOSKVADA FİFA VƏ AFFA PREZİDENTLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 14-də AFFA-nın prezidenti Ramiz Mirzəyev FİFA-nın prezidenti Yozef Blatter ilə görüşmüşdür. Tərəflər Azərbaycan futbolunun inkişafı ilə bağlı məsələləri müzakirə etmişlər.
FİFA-nın rəhbəri ölkəmizdə idmanın bu növünün inkişafı üçün Prezident İlham Əliyevin başda olmaqla Azərbaycan rəhbərliyinin gördüyü tədbirləri yüksək qiymətləndirdi. Y.Blatter 2004-cü ilin oktyabrında ölkəmizə səfərini və dövlətimizin başçısı ilə səmimi görüşünü xatırladı. O, çoxillik fəaliyyəti yüksək qiymətləndirildiyinə və Azərbaycanın yüksək mükafatı – “Şöhrət” ordeni ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi. Y.Blatter Azərbaycan futbolunun inkişafı üçün AFFA-nın göstərdiyi səyləri, respublikamızda idmanın bu növünü beynəlxalq standartlara yaxınlaşdırmaq sahəsində görülən işləri dəstəklədiyini açıqladı. O, 2005-2015-ci illərdə Azərbaycan futbolunun inkişafına dair qəbul edilmiş Dövlət proqramını və bundan ötrü maddi-texniki baza yaradıldığını yüksək qiymətləndirdi.
R.Mirzəyev görüşdə milli futbolun inkişafı sahəsində AFFA-nın həyata keçirdiyi tədbirlərdən, beynəlxalq standartlara cavab verən futbol meydanları və kiçik meydançalar yaradıldığından, AFFA üçün ofis inşa edildiyindən və tikinti işlərinin bu il başa çatdırılacağından danışdı, AFFA-nı dəstəklədiyinə görə FİFA rəhbərliyinə təşəkkürünü bildirdi. O, xüsusi vurğuladı ki, Azərbaycan futbolunun uğurları, ilk növbədə, dövlətin dəstəyi, Prezident İlham Əliyevin futbola daim diqqət yetirməsi ilə bağlıdır. AFFA-nın prezidenti 2005-2015-ci illərdə Azərbaycan futbolunun inkişafına dair Dövlət proqramının əhəmiyyətini vurğuladı.
R.Mirzəyev FİFA rəhbərliyi ilə keçirilmiş görüşü şərh edərək dedi ki, milli futbol federasiyaları başçılarının FİFA və UEFA rəhbərləri ilə görüşləri artıq ənənəvi xarakter daşıyır. Görüşlər hər il yanvarda Moskvada təşkil olunur. Son illər Azərbaycanda milli futbolun inkişafı üçün görülən bütün işlər güman etməyə əsas verir ki, futbolumuz yüksək səviyyəyə qalxacaqdır. Ötən ilin yekunlarına görə, ölkəmizin milli yığma komandasının FİFA-ya daxil olan 207 komanda arasında 48-ci yeri tutmasını Y.Blatter Azərbaycan üçün yaxşı nəticə adlandırmışdır. Görüşlərimizdə FİFA və UEFA rəhbərliyi futbolun inkişafı üçün Azərbaycanın gördüyü tədbirləri bəzi MDB ölkələrinə nümunə göstərdi. Futbolun inkişafına dair Dövlət proqramı, sponsorların cəlb edilməsi, idman komplekslərinin tikilməsi, çempionatların keçirilməsi səviyyəsinin yüksəldilməsi, uşaq futbolunun inkişafına diqqət göstərilməsi, maddi-texniki baza yaradılması və digər işlər yüksək qiymətləndirilir. Lakin başlıca vəzifəmiz milli yığma komandamızın hazırlıq səviyyəsini yüksəltməkdir və bunun üçün var qüvvə ilə çalışırıq, bu işdə bizə beynəlxalq futbol təşkilatları da kömək edirlər. Onlarla aramızda sıx qarşılıqlı münasibətlər, dostluq münasibətləri yaranmışdır.