MOSKVADA İRQÇİLİYƏ QARŞI EKSPERT MƏŞVƏRƏT ORQANI YARADILACAQ
AzerTAg.az
Moskvada millətlərarası və dinlərarası münasibətlər üzrə mütəxəssisləri birləşdirəcək ekspert məşvərət orqanının yaradılması nəzərdə tutulur. Bu orqan Avropa Birliyi Komissiyasının dəstəyi ilə Moskva İnsan Hüquqları Bürosunda yaradılacaqdır. Üç il ərzində Rusiyada irqçiliyə, əcnəbilərə nifrətə və irqi ayrı-seçkiliyə qarşı mübarizə üzrə vahid ictimai kampaniya çərçivəsində bir sıra aksiyalar keçirmək planlaşdırılır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bunu mətbuat konfransında Moskva İnsan Hüquqları Bürosunun direktoru Aleksandr Brod bəyan etmişdir. Onun sözlərinə görə, Rusiyanın hüquq müdafiəçiləri irqçiliyin və əcnəbilərə nifrətin təbliği faktlarını üzə çıxarmaq üçün qəzet yazılarının və açıq çıxışların ekspertizasını keçirməyin zəruriliyini başa düşürlər. A.Brod demişdir ki, belə ekspertiza millətlərarası və dini zəmində baş verən zorakılığın və Rusiya cəmiyyətində millətçilik ideyalarının təbliğinin qarşısını vaxtında almağa kömək edəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var