MOSKVA BƏYANNAMƏSİ AZƏRBAYCANIN MARAQLARINI TAM TƏMİN EDİR
AzerTAg.az
Aprelin 1-də Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda “Azərbaycan Respublikası və Rusiya Federasiyasının Moskva Bəyannaməsinin təsdiq edilməsi”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında məxfi informasiyaların qarşılıqlı mühafizəsi haqqında Saziş” barədə və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihələri müzakirə olunmuşdur.
Milli Məclis sədrinin müavini, komissiyanın sədri Ziyafət Əsgərov demişdir ki, Moskva Bəyannaməsi, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Rusiya strateji əməkdaşlığının inkişafında mühüm rol oynayacaqdır.
Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevral ayında Moskvaya səfəri zamanı imzalanmışdır. Bəyannamədə deyilir ki, tərəflər siyasi, iqtisadi-ticarət, humanitar, təhlükəsizlik və müdafiə, Xəzərdə əməkdaşlıq, universal və regional sahələrdə birgə fəaliyyət göstərəcəklər. Sənəddə o da göstərilir ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qəbul etdiyi qərarların dərhal yerinə yetirilməsinin tərəfdarıdır, hərbi sahədə ikitərəfli əməkdaşlıq edir, amma bu əməkdaşlıq üçüncü tərəfə yönəldilmir.
Sonra digər məsələlər müzakirə olunmuş və hər üç layihənin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var