SİYASƏT
MURTUZ ƏLƏSGƏROVUN ÇIXIŞI
-Bildiyiniz kimi, İlham Heydər oğlu Əliyev Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə çox genişmiqyaslı işlər aparmışdır. Hər şeydən əvvəl demək istəyirəm ki, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, eləcə də Milli Olimpiya Komitəsinin prezidenti kimi geniş fəaliyyəti ilə yanaşı, İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri kimi Azərbaycanın taleyi ilə bağlı, dövlətimizin gələcək taleyi ilə bağlı çox böyük işlər görmüşdür. Xüsusilə qeyd etmək istəyirəm ki, son illər İlham Əliyevin fəaliyyəti nəticəsində Dağlıq Qarabağ məsələsinin Avropa Şurasında müzakirəsi ilə bağlı Azərbaycan nümayəndə heyəti çox böyük uğurlar əldə etmişdir. Əsirlərin və girovların qaytarılması, Dağlıq Qarabağda narkotik maddələrin yetişdirilməsi və bundan əldə edilən gəlirlərin terror məqsədi ilə istifadə edilməsi, Dağlıq Qarabağda tarixi abidələrin, mədəniyyət abidələrinin dağıdılmasına dair Azərbaycan nümayəndə heyəti Avropa Şurasında bütövlükdə 30-dan çox sənəd yaymışdır.
Bu sənədlər nəticəsində və İlham Əliyevin təşəbbüsü ilə Avropa Şurası Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini tanımış və Ermənistanı işğalçı dövlət kimi qəbul etmişdir. Bütün bunlar İlham Əliyevin səmərəli işinin nəticəsidir. Hesab edirəm ki, bunlar, bütövlüklə digər sahələrdə İlham müəllimin apardığı işlər təqdirəlayiqdir. Mən xüsusilə Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə son illər idman sahəsində əldə etdiyimiz nailiyyətlərin göz qabağında olduğunu qeyd etmək istəyirəm. İdmanın elə bir sahəsi yoxdur ki, o, Azərbaycanda inkişaf etməsin. Respublikanın bir sıra rayonlarında olimpiya kompleksləri tikilib istifadəyə verilmiş, bir sıra rayonlarda isə bu işlər davam etdirilir.
Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində İlham müəllim Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi geniş fəaliyyət göstərir. Bu fəaliyyət ona qısa müddətdə Azərbaycan xalqı qarşısında böyük nüfuz qazandırmışdır. Xalqımız, bütün Azərbaycan zəhmətkeşləri, gənclər İlham müəllimə dərin rəğbət bəsləyir. Mən onun Baş nazir vəzifəsinə təyin olunmasına ürəkdən tərəfdaram və bu təklifi alqışlayıram.
Bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası öz iclasını keçirmişdir. İclasda 10 nəfər iştirak etmişdir. Komissiya yekdilliklə bu təklifin lehinə səs vermişdir, yəni, İlham Heydər oğlu Əliyevin Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verilməsinə öz münasibətini bildirmişdir.
Sonra müzakirələr başlandı. Müzakirələrin gedişində Milli Məclisin deputatları çıxış etdilər.