QAN YADDAŞI


Madriddə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib VİDEO

Madrid, 21 yanvar, AZƏRTAC

Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi və İspaniyada Azərbaycanlıların Koordinasiya Şurasının təşkilatçılığı ilə Madriddə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İspaniya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə İspaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri çıxış ediblər.

Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın barədə məlumat verilib, hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin ağır xəsarət aldığı bildirilib.

Xüsusi olaraq vurğulanıb ki, dəhşətli qətliamdan dərhal sonra, yanvar 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini kəskin ittiham edən bəyanat verib, bu cinayəti törədənlərin cəzalandırılmasını tələb edib. Məhz ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanıb.

Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin, günahsız Qanlı Yanvar qurbanlarının şücaəti daim yüksək qiymətləndirilir, onların ruhuna ehtiram göstərilir. 20 Yanvar faciəsi matəm günü olmaqla yanaşı, xalqımızın müstəqillik və ərazi bütövlüyü naminə apardığı mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Daha sonra 20 Yanvar hadisələrindən bəhs edən qısametrajlı film və faciəyə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.