İDMAN
Mahir Məmmədov: Azərbaycan “Vüqar Həşimov memorialı” ilə özünü dünya şahmat təqvimində yenidən tanıtdıracaq VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanda “Vüqar Həşimov memorialı”nın təşkili çox mühüm hadisədir. Pandemiya dövrünə baxmayaraq, belə mötəbər turnirin təşkilinə görə çox şadam. Bunun üçün Vüqar Həşimov Şahmat Fonduna təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti, yarışın təşkilat komitəsinin üzvü Mahir Məmmədov deyib.
Təşkilat komitəsinin fəaliyyətini yüksək qiymətləndirən federasiya prezidenti deyib: “Məşhur şahmatçıların ölkəmizə gəlmələrini olduqca qısa vaxtda təşkil etmək asan məsələ deyil. Bu yarışda SOCAR da ənənəsinə sadiq qalaraq, sponsorluq xidmətini davam etdirir. Bunlar sevindirici hallardır. Memorial pandemiya ilə əlaqədar ötən il baş tutmadı. Lakin 2021-ci ildə biz əsas ənənələrimizdən biri olan “Vüqar Həşimov memoralı”nı bərpa edə bildik. Azərbaycan bu turnirlə dünya şahmat təqvimində özünü yenidən tanıtdıracaq. Ümid edirəm ki, gələn il bu ənənə daha dolğun şəkildə, sərbəst şəraitdə və hər birimizin arzuladığı kimi işğaldan azad olunmuş ərazilərimizdə keçiriləcək”.
Vüqar Həşimovun Azərbaycan şahmatı tarixində misilsiz xidmətləri olduğunu qeyd edən M.Məmmədov bildirib ki, mərhum qrossmeyster müqayisəolunmaz oyun üslubu, şahmat nəzəriyyəsini dərindən bilməsi, şahmata sadiqliyi, möhkəm xarakteri və əzmkar mübarizəsi ilə hər zaman seçilən zəka sahiblərindən olub. Dünyanın bir çox şahmatçıları qeyd edirlər ki, Vüqar Həşimovun şahmat nəzəriyyəsinə verdiyi töhfələr çoxdur və onlardan hazırda da istifadə olunur.
M.Məmmədov qısa ömür yaşayan Vüqar Həşimovun Azərbaycanın şahmat tarixinə sanballı töhfələr verdiyini vurğulayaq deyib: “Vüqar Həşimov qısa, lakin mənalı və parlaq ömür yaşadı. O, həm şəxsi turnirlərdə, həm də mötəbər yarışlarda öz imzasını ataraq Azərbaycanın qələbə qazanmasına birbaşa kömək edib. Dünyada ilk Qran-Prinin qalibi Vüqar Həşimovdur. Azərbaycanın ilk Avropa çempionluğu da məhz onun adı ilə bağlıdır və bu, onun son gedişi idi. Bunlar heç vaxt unudulmayacaq”.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparacaqlar.
Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.