DÜNYA
Malala Yusufzay Tokioda keçirilən Ümumdünya Qadınlar Assambleyasında çıxış edəcək
Tokio, 23 mart, AZƏRTAC
Nobel mükafatı laureatı Malala Yusufzay Ümumdünya Qadınlar Assambleyasında çıxış etmək üçün ilk dəfə Tokioya gəlib.
AZƏRTAC xəbər verir ki, martın 23-də başlayacaq Ümumdünya Qadınlar Assambleyasında qadınların təhsil almasının əhəmiyyəti barədə çıxış edəcək M.Yusufzay bir gün əvvəl Yaponiyanın Baş naziri Şinzo Abe ilə də görüşüb. Görüş zamanı Ş.Abe M.Yusufzayın qadınların təhsili sahəsində fəaliyyətini yüksək qiymətləndirib.
M.Yusufzayın Assambleya çərçivəsində tərkibində BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçeletin də olacağı qadın liderlərin diskussiyalarında iştirak edəcəyi bildirilir.
Xatırladaq ki, M.Yusufzay 2012-ci ildə Pakistanda yaraqlılar tərəfindən açılan atəşdən sonra ağır yaralanıb. Sağaldıqdan sonra isə qızların və qadınların təhsili üçün xüsusi fond yaradaraq, bunun üçün bütün dünya üzrə ianələr toplayıb. 2014-cü ildə 17 yaşı tamam olan M.Yusufzay Nobel sülh mükafatına layiq görülüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio