DÜNYA
Malayziya polisi ölkənin sabiq Baş nazirinin evində axtarışlar aparıb
Tokio, 18 may, AZƏRTAC
Malayziyada keçirilən ümumi seçkilərdə məğlubiyyətdən bir həftə sonra polis sabiq Baş nazir Nacib Razakın evində və onunla əlaqəli müxtəlif yerlərdə axtarışlar aparıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, N.Razak çoxmilyardlıq qalmaqalda şübhəli bilindiyinə görə istintaqa cəlb olunub. Sabiq Baş nazir dəfələrlə həmin qalmaqalla əlaqəsinin olmadığını bildirsə də, mayın 17-də yeni Baş nazir Mahathir Məhəmməd bildirib ki, polisin axtarışlar aparması üçün əsaslar var.
N.Razakın evində axtarışlar mayın 16-da axşam saatlarında aparılıb. Sabiq Baş nazirin vəkili Harpal Sinqh Qreval deyib ki, axtarışlar zamanı polis şəxsi əşyalardan, bir neçə çantadan və bəzi hədiyyələrdən başqa heç nə tapa bilməyib.
N.Razak hakimiyyətdə olduğu vaxt Dövlət İnvestisiya Fondundan 700 milyon dollar məbləğində oğurluqla bağlı istintaqa cəlb olunub. Seçkilərdə məğlubiyyətdən sonra isə ona və həyat yoldaşına ölkəni tərk etmək qadağan edilib. Polis, eyni zamanda, dövlət fondundan oğurlanan milyard dolların axtarışı ilə əlaqədar istintaqı davam etdirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio