ELM VƏ TƏHSİL
Maliyyə-İqtisad Kollecinin tələbələri ixtisas təcrübəsi keçəcəklər
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecində 2018/2019-cu tədris ili üçün nəzərdə tutulmuş istehsalat təcrübəsinə dair konfrans keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, kadr hazırlığı aparılan bütün ixtisaslar - mühasibat uçotu, bank işi, statistika, maliyyə işi, vergi və vergitutma ixtisasları üzrə təşkil edilən konfransda kollecin direktoru, dosent Oruc Məmmədov istehsalat təcrübəsinin əhəmiyyəti, təcrübə yerləri, təcrübə zamanı tələbələrin üzərinə düşən vəzifələr və digər məsələlər haqqında ətraflı məlumat verib.
Kollecin istehsalat təcrübə rəhbəri Məlahət Osmanova bildirib ki, tələbələr Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, “Azərsu” ASC-nin, Dövlət Sığorta Kommersiya Şirkətinin, “Azərpoçt”un və digər qurumların müvafiq strukturlarında ixtisas təcrübəsi keçəcəklər.
Sonda tələbələrin sualları cavablandırılıb, təcrübə rəhbərləri ilə onların görüşü təşkil edilib.