CƏMİYYƏT
Marneuli rayonunda yeni məktəb binaları tikilir
Tbilisi, 4 iyun, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 7 yeni ictimai məktəb binası inşa olunur. Daha bir neçə məktəbdə isə təmir-bərpa işləri aparılır.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili aparılan işlərlə yerində tanış olub.
Marneuli rayonunun meri Zaur Darğallı görülən işlər barədə nazirə məlumat verib.
Bildirilib ki, yeni məktəb binaları Bələdiyyələrin İnkişafı Fondunun dəstəyi ilə tikilir. Nazirin sözlərinə görə, Marneulidə yeni 8-ci məktəbin inşası da nəzərdə tutulub. Bununla bağlı bu yaxınlarda tender elan olunacaq.
Ölkə üzrə 59 yeni məktəb binası tikilir, 80-dən çoxu isə bərpa olunur. Bu proses qismən başa çatıb. “Bütün təhsil ocaqları müasir standartlara tam cavab verəcək”, - deyə Maya Tskitişvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi