DÜNYA
Marneulidə “Gürcüstan İslam Araşdırmalar Mərkəzi” fəaliyyətə başlayıb
Tbilisi, 18 mart, AZƏRTAC
Gürcüstanda yeni qurum – “Gürcüstan İslam Araşdırmalar Mərkəzi” (GİAM) təsis edilib. Marneulidə GİAM-ın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəliyinin, İranın bu ölkədəki səfirliyinin mədəniyyət şöbəsinin əməkdaşları, elm, ictimaiyyət və din xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər cəmiyyətdə belə elmi mərkəzlərin mövcudluğunun vacibliyindən danışıb, yeni fəaliyyətə başlayan GİAM-a uğurlar arzulayıblar.
Mərkəzin rəhbəri hacı Fariz Rəcəbov qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
Bildirib ki, mərkəz əsasən dörd istiqamətdə fəaliyyət göstərəcək. İlk olaraq GİAM elmi mərkəz olaraq məzhəblər və dinlər arasında araşdırmalar aparacaq, seminar və simpoziumlar təşkil edəcək. İslam sahəsində yeni media qurumunun yaradılması, elmi səviyyədə dərgi və jurnalların çap olunması və elmi portal hazırlanması nəzərdə tutulub.
GİAM müstəqil qurum olaraq digər elmi və dini təşkilatlarla da əməkdaşlıq ediləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi