CƏMİYYƏT
Martın ilk on iki günü ərzində paytaxtda havanın orta sutkalıq temperaturu normadan 4.70° yüksək olub
Bakı, 14 mart, AZƏRTAC
Mart ayının birinci ongünlüyü nisbətən sabit keçib. Tez-tez duman müşahidə edilib. Bakıda dumanlı günlərin sayı 6, Sumqayıtda isə 10 gün olub.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.
Departamentin direktorunun sözlərinə görə, martın 1-dən 12-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 17.50°, havanın minimal temperaturu isə 4.70° isti olub. On iki gün ərzində Bakıda havanın orta sutkalıq temperaturu 10° isti təşkil edib ki, bu da orta çoxillik məlumatlara görə normadan 4.70° yüksəkdir. Martın 7-də isə Bakıda havanın orta sutkalıq temperaturu iqlim normasından 7° yüksək olub.
On iki gün ərzində düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-12 millimetr təşkil edib.
Martın 1-2-də güclü şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda 30, Maştağada 38, Ağstafada 22 metr/saniyəyədək güclənib. Cənub-qərb küləyinin maksimal sürəti Daşkəsəndə 25, cənub-şərq küləyinin sürəti isə Xaçmazda 35, Xınalıqda 28 metr/saniyəyə çatıb.
U.Tağıyeva bildirib ki, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra martın 16-sı gündüzdən martın 17-si gündüzədək şimal-qərb küləyinin 18-23, arabir 25-30, 16-da axşama doğru yarımadanın bəzi yerlərində arabir 32-35 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır. Martın 16-sı axşamdan martın 19-dək havanın fasilələrlə yağıntılı olacağı bildirilir. Havanın temperaturu bu dövr ərzində 5-8° enərək 7-10° isti olacaq.
Hazırda isə Bakıda və Abşeron yarımadasında nisbətən yüksək temperatur fonunda cənub-qərb küləyi əsir və sürəti saniyədə 15-20 metrə bərabərdir.
Azərbaycanın əsasən şimal və qərb rayonlarından başlayaraq martın 14-dən etibarən hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 16-dan isə bir qədər də kəskinləşəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, martın 16-dan 17-si gündüzədək ayrı-ayrı yerlərdə arabir 30-35 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Çaylarda sululuğun artacağı ehtimal edilir.
Qeyri-sabit hava şəraiti martın ikinci ongünlüyün sonunadək davam edəcək.