CƏMİYYƏT
Masallı Məhkəmə Kompleksinin istifadəyə verilməsi ilə vətəndaşlarımızın məhkəmələrə əlçatanlığı təmin olunacaq VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Masallı Məhkəmə Kompleksi istifadəyə verilənə qədər dörd kollegiyadan ibarət tərkibdə fəaliyyət göstərən Şirvan Appellyasiya məhkəməsi Şirvan şəhərində fəaliyyət göstərirdi. Hazırkı məhkəmə kompleksi istifadəyə verildikdən sonra Şirvan Appellyasiya Məhkəməsinin iki kollegiyasının hər birindən bir tərkib öz işlərini burada həyata keçirəcək. Bunda məqsəd ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılması ilə yanaşı, həm də vətəndaşlarımızın məhkəmələrə əlçatanlığının təmin olunmasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Masallı Məhkəmə Kompleksində təşkil olunmuş mediatur zamanı jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, vətəndaşlarımızın məhkəmələrə əlçatanlığının təmin olunması dedikdə, bu, sadəcə hüquqi anlamda deyil, həm də fiziki anlamda başa düşülməlidir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına cənub zonasından 7 rayon daxildir. Bundan sonra bu zonaya aid olan 7 rayon sakinlərinin məhkəmələrə gəlməsi daha da asanlaşacaq. Belə ki, bundan sonra həmin rayonların sakinləri əziyyət çəkib kollegiyaların iclaslarında iştirak etmək üçün Şirvan şəhərinə gəlməyəcəklər.
V.Abdullayev ötən dövrdə məhkəmə hakimiyyətinin infrastrukturunun onun yüksək statusuna uyğun müasirləşdirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.