ELM VƏ TƏHSİL
Masallı, Şəmkir və İmişlidə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad, Yardımlı, Astara, Lerik rayon və Lənkəran şəhər təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov konfransın işinə uğurlar arzulayıb.
Daha sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizov konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib.
Tədbir Vətən müharibəsi iştirakçısı olan Masallı şəhər 6 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Cəmaləddin Məmmədov və Sığıncaq kənd tam orta məktəbinin gənc müəllimi Elmira Şirinovanın çıxışları ilə davam edib.
Konfransda Təhsil İnstitutunun direktor müavini Ülkər Babayevanın “Təhsil sahəsində yeni innovasiyalar” barədə çıxışı dinlənilib.
Sonda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.
X X X
Sentyabrın 17-də, həmçinin Şəmkir rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən konfrans Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Daşkəsən rayon təhsil işçilərini əhatə edib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev konfransın işinə uğurlar arzulayıb və təhsilin inkişafı ilə bağlı tövsiyələrini bildirib.
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdir müavini İlhamə Abdullayeva konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib.
Sonra Təhsil İnstitutun nümayəndəsi Könül Nəhmətova “Müəllim peşəkarlığının davamlı şəkildə dəstəklənməsi” mövzusunda çıxış edib.
Konfrans müzakirələrlə davam etdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
X X X
İmişli rayon Heydər Əliyev Mərkəzində isə İmişli, Sabirabad, Saatlı və Beyləqan rayonlarının təhsil işçilərinin sentyabr konfransı təşkil edilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabatla çıxış edib, Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Konfransda iştirak edən bölgələrin ötən tədris ili üzrə fəaliyyətləri geniş təhlil edilib, məktəb idarəetməsinin prioritetləri barədə danışılıb, yeni dərs ilində qarşıda duran vəzifələrdən bəhs olunub.
Təhsil İnstitutunun əməkdaşı Nəzakət Mehdiyeva ümumtəhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması və digər məsələlər barədə çıxış edib.
Tədbir “Vətən müharibəsi iştirakçısı” olan Məzrəli kənd tam orta məktəbin tarix müəllimi Asim Nərimanovun və Hacalmuradlı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülgün Rzayevanın çıxışı ilə davam edib.