REGİONLAR
Masallı sakinləri: Sosial layihələrin pandemiya dövründə də icrası dövlətimizin insan rifahına verdiyi önəmi göstərir FOTO VİDEO
Masallı, 11 avqust, İsmayıl Cəfərli, AZƏRTAC
Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Masallı şəhərində, şəhərdaxili məhəllələrdə, ayrı-ayrı yaşayış məntəqələrində tikinti və abadlıq işləri davam etdirilir, yollar və parklar əsaslı təmir olunur.
AZƏRTAC xəbər verir ki, Masallı şəhərində daxili yolların təmir-bərpa işlərinə bir neçə gündür başlanılıb. Hazırda 18 küçəyə asfalt döşənir. Görülən işlər 2020-ci ilin büdcə vəsaitləri hesabına həyata keçirilir.
Masallıda uzun illərdən bəri mövcud olan yol probleminin aradan qaldırılması sakinləri çox sevindirir. Vətəndaşlar yaşadıqları küçələrin əsaslı təmir olunmasına, xüsusilə də ölkədə aparılan tikinti-quruculuq işlərinə, reallaşdırılan Dövlət proqramlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər.
Rayon sakini Etibar Cabbarov deyir ki, dövlətimizin başçısının icra başçılarının qarşısında qoyduğu tələblərin yerinə yetirilməsi sakinlərin rifahının yaxşılaşması ilə nəticələnir: “Rayonumuzda küçəarası yollar demək olar ki, bərbad vəziyyətdə idi. İnsanlar gediş-gəliş zamanı əziyyət çəkirdilər. İndi isə bu yollar təmir olunur. Bu, hər bir rayon sakinini sevindirir”.
Digər sakinlər İlqar Əliyev və Namiq Həsənov da görülən işlərdən razılıqla danışıblar. Onlar ölkəmizdə həyata keçirilən sosial layihələrin dünyanı bürüyən hazırkı pandemiya dövründə də icra edilməsinin dövlətimizin insanların rifahına verdiyi önəmin göstəricisi olduğunu vurğulayıblar.
Şəhərin Təbriz, Niyazi, Nəsimi küçələrinə, “Köhnə bazar” istiqamətindəki yollara asfalt döşənməsi artıq başa çatdırılıb. Digər küçələrdə isə işlər davam etdirilir.
Masallı Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Fərid Novruzov qeyd edib ki, hazırda şəhərin Zərifə Əliyeva küçəsində işlər davam etdirilir. Qalan küçələrdə də yaxın günlərdə asfaltlanma işləri yekunlaşacaq. 18 küçədə təmir olunan yolların ümumi uzunluğu 9,3 kilometrdir. Yeni çəkilən yollardan şəhərimizin 8 minə yaxın əhalisi rahat istifadə edəcək”.