REGİONLAR
Masallı və Biləsuvar rayonlarında yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb
Masallı-Biləsuvar, 25 noyabr, Bağır Əliyev, AZƏRTAC
Polis əməkdaşlarının Masallı və Biləsuvar rayonlarında keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətlərinə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.
Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırmalar aparılır.