REGİONLAR
Masallıda “Breyn-rinq” bilik yarışının qalibləri mükafatlandırılıb
Masallı, 24 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki “ASAN həyat” kompleksindəki ASAN İntellektual İnkişaf Mərkəzində rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş gənclər arasında “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışda rayonun ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri ilə yanaşı, Masallı regional “ASAN xidmət” Mərkəzinin könüllüləri də iştirak ediblər.
Maraqlı mübarizə şəraitdə keçən bilik yarışının yekun nəticələrinə əsasən, “Dəfinə” məktəb-liseyinin “Dəfinə” komandası birinci, Viləş kənd tam orta məktəbinin “Viləş” komandası ikinci, Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin “Ərkivan” komandası üçüncü yeri tutub.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman idarəsinin rəis müavini Oktay Mütəllimov, təhsil şöbəsinin metodisti Abbas Abbaszadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, onun Azərbaycan dövlətçiliyindəki rolundan, dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edən milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hislərinin aşılanması, gənclərin intellektual inkişafı, onların asudə vaxtlarını səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması istiqamətində rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar.
Sonda qaliblərə diplomlar və hədiyyələr təqdim olunub. Masallı regional “ASAN xidmət” Mərkəzinin könüllülərdən ibarət komandası isə yarışda fərqləndiyinə görə diplomla mükafatlandırılıb.