REGİONLAR
Masallıda KOB-ların sahibkarlıq biliklərinin təkmilləşdirilməsi üzrə distant təlimlər keçirilir
Masallı, 13 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin tərəfdaşlığı ilə "Regional İnkişafın Dəstəklənməsi” İctimai Birliyinin icra etdiyi “Regionda KOB-ların iqtisadi biliklərinin artırılması və təkmilləşdirilməsi” layihəsi çərçivəsində distant təlimlər keçirilir.
Layihənin həyata keçirilməsində məqsəd Masallı rayonunda fəaliyyət göstərən KOB-lar arasında iqtisadi biliklərin artırılmasına və sahibkarlıq fəaliyyəti üçün həvəsləndirilməsinə nail olmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Masallı rayonunda yaşayan və fəaliyyət göstərən 20 sahibkar üçün pandemiya şəraiti nəzərə alınmaqla noyabr ayında 5 distant təlimin keçirilməsi nəzərdə tutulub. Bu distant təlimlərin ikisi artıq yekunlaşıb.
Distant təlimlərdə çıxış edən layihə rəhbəri Ələsgər Hüseynov layihə və onun məqsədləri, layihənin maliyyə mənbəyi və sahibkarlıq ilə bağlı məlumatları diqqətə çatdırıb.
Layihənin təlimçisi Rafət Şirəliyev tərəfindən sahibkarlara biznesin təkmilləşdirilməsi, biznes planın yenidən qurulması, bazar araşdırması, marketinq təhlili, risklərin idarə edilməsi, investora müraciət, maliyyə savadlılığı kimi mövzularda distant təlim keçib.