REGİONLAR
Masallıda bostan bitkilərinin əkin sahəsi genişləndirilib – bol məhsul var
Masallı, 4 avqust, Bağır Əliyev, AZƏRTAC
Son illər Masallı rayonunda ənənəvi təsərrüfat sahələrindən olan bostan bitkilərinin əkininə maraq artıb. Bu il rayonda 61,3 hektar sahədə qarpız, 270,9 hektar sahədə yemiş və 49 hektar sahədə balqabaq əkilib. Bu, ötən illə müqayisədə xeyli çoxdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Xırmandalı, Çaxırlı, Səmidxan, Həsənli, Qızılağac, Mahmudavar, Sərçuvar, Təklə və başqa kəndlərdə bostan bitkilərinin əkin sahələri genişləndirilib. Təkcə Xırmandalı kəndində bu il 181 hektar sahədə yemiş əkilib.
Fermerlər və məhsul istehsalçıları bol məhsul yetişdiriblər. İndiyədək sahələrdən 2000 tona yaxın yemiş və qarpız yığılıb.
Təsərrüfat sahibləri ötən illə müqayisədə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın da xeyli artdığını bildiriblər.
Torpaq mülkiyyətçiləri indiyədək sahələrin 70-75 faizinin məhsulunu yığıblar. Bostan məhsulları əsasən yerli və ölkəmizin böyük şəhərlərinin bazarlarında satışa çıxarılır.