REGİONLAR
Masallıda böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib
Masallı, 10 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən müsabiqənin sonunda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib.
İnşa-yazı müsabiqəsində Bədəlan kənd tam orta məktəbin şagirdi Dünya Cəfərzadə birinci, Bala Kolatan kənd tam orta məktəbin şagirdi Aynur Ağayeva ikinci, Böyük Xocavar kənd tam orta məktəbin şagirdi İqrar Feyzullayev üçüncü yerə layiq görülüblər.
Fərqləndiyinə görə isə Musaküçə kənd tam orta məktəbin şagirdi Əsbət Rzayeva xüsusi diplomla mükafatlandırılıb.
Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, böyük Azərbaycan şairi İmadəddin Nəsimi yaradıcılığının dünyada tanınması, adının əbədiləşdirilməsi, əsərlərinin araşdırılması və kütləvi şəkildə nəşr edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Nəsiminin 600 illik yubileyi dövlət səviyyəsində məhz ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilib.
Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan C.Manafov ölkəmizdə, o cümlədən Masallı rayonunda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışıb.
Masallı Rayon Təhsil şöbəsinin metodisti Əkbər Balaşoğlu çıxışında mütəfəkkir şair İmadəddin Nəsiminin Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biri olduğunu, onun ana dilində gözəl şeirlər yazdığını və buna görə də şeirlərinin həmişə dillər əzbəri olduğunu diqqətə çatdırıb.