REGİONLAR
Masallıda erkən nikahların doğurduğu fəsadlardan danışılıb
Masallı, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində təşkil olunmuş “dəyirmi masa”da erkən nikahlarla bağlı problemlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, “Erkən nikaha yol vermə!” mövzusunda keçirilən tədbirdə gənclər, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
“Dəyirmi masa”da erkən nikahların doğurduğu fəsadlardan və cəmiyyətə vurduğu ziyanlardan danışılıb. Qeyd olunub ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına və psixologiyalarına mənfi təsir göstərir.
Bildirilib ki, erkən nikahlar gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altında qoymaqla ailələrdə boşanma hallarının da sayını artırır.
Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı hazırlanmış bukletlər paylanılıb.