REGİONLAR
Masallıda heyvandarlıq məhsullarının istehsalı artıb
Masallı, 5 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların cins tərkibi yaxşılaşır, heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il rayonda diri çəkidə 1558,8 ton ət, 12239,2 ton süd, 18622 min ədəd yumurta istehsal edilib. Ət istehsalı 0,5 faiz (7,7 ton), süd istehsalı isə 0,1 faiz (7,7 ton) artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır.
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan südlük və ətlik istiqamətli cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir.
Qeyd edək ki, Masallıda 72 min 779 baş iribuynuzlu mal-qara, 90 min 597 davar var.