REGİONLAR
Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
Masallı, 29 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, tədbirin keçirilməsində məqsəd gənclərin ictimai həyatda rolunu artırmaq, ilk dəfə səs verən gəncləri seçki proseduru ilə bağlı maarifləndirmək, onların seçkilərdə fəal iştirakını təmin etməklə vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdir.
Görüşdə çıxış edən 70 saylı Masallı şəhər seçki dairəsinin katibi Sərxoş Nuriyev, 71 saylı Masallı kənd seçki dairəsinin üzvü Arif Mehtiyev Azərbaycan Respublikasında seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət, seçkilərin nəticələri, protokolların tərtibatı haqqında gəncləri məlumatlandırıblar.
Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev çıxışında gənclərimizi qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağı və öz hüquqlarından istifadə edərək layiqli namizədlərə səs verməyi tövsiyə edib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara bələdiyyə seçkiləri ilə bağlı hazırlanmış bukletlər paylanılıb.