REGİONLAR
Masallıda şəhid mayor Anar Novruzovun xatirəsi anılıb
Masallı, 14 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Ərkivan qəsəbəsində Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Anar Gülverdi oğlu Novruzovun şəhadətinin ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirovun, həmin şöbənin baş məsləhətçisi Kamil Bağırovun, rayonun din xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasim iştirakçıları şəhid mayor Anar Novruzovun məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Anım tədbirində çıxış edən QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov bildirib ki, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərə örnəkdir. Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan Anar Novruzov ömrünü Vətən üçün fəda etdi. O, qələbəmizi görməsə də, bu zəfərin təməlini qoydu və heç zaman unudulmayacaq qəhrəmanlıq salnaməsi yaratdı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxışında qeyd edib ki, şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik, Vətən olan sonsuz sevginin təcəssümüdür. Vətən, torpaq uğrunda canlarından keçən Anar kimi şəhidlərimiz daim qəlbimizdə yaşayacaq.
Şəhid Anar Novruzovun qardaşı Sucəddin Novruzov ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.