REGİONLAR
Masallıda şəhidlər Sehran Hacıyev və Nurlan Əsgərovun xatirəsi anılıb
Masallı, 5 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonundakı Viləş kənd orta məktəbində şəhidlər Sehran Hacıyev və Nurlan Əsgərovun doğum günləri ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, kənd sakinləri, ağsaqqallar və ziyalılar, şəhidlərin valideynləri, müəllimlər və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov hər iki şəhidin keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yolunndan danışıb.
Bildirilib ki, Viləş kənd tam orta məktəbinin məzunları - Milli Ordunun əsgəri Sehran Hacıyev 1994-cü ildə cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə, gizir Nurlan Əsgərov isə 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olublar.
Viləş kənd tam orta məktəbinə şəhid Sehran Hacıyevin, Nurlan Əsgərovun yaşadığı evin ərazisində yerləşən küçəyə isə şəhid gizirin adı verilib.
Rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev ölkəmizdə, o cümlədən Masallı rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.
Digər çıxış edənlər vətənpərvərlik hissini, şəhidlik məqamını ucalıq, müqəddəslik rəmzi kimi səciyyələndirərək, şəhidlərimizin həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu diqqətə çatdırıblar. Həmçinin şəhidlərin Qarabağ savaşında göstərdikləri şücaətdən, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün görülən işlərdən danışıb, ölkəmizdə müharibə iştirakçılarına, əlillərə və şəhid ailələrə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Viləş kəndinin yeddi şəhidinin - Seyran Hacıyev, Nurlan Əsgərov, İmran İbrahimov, Füzuli Rzayev, Belim Yevgeniy, Zahir Bəyəliyev, və İslam Abışov kimi dövlətçiliyimiz, müstəqilliyimiz və Vətənimiz uğrunda canından keçən övladların heç vaxt unudulmayacağı vurğulanıb.
Anım mərasimində məktəblilər şəhidlərə, Vətənə, Azərbaycan bayrağına həsr olunmuş şeirlər, mahnılar ifa edib, hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonra şəhidlərin məzarları ziyarət olunub.