REGİONLAR
Masallıda tədbir: “Qarabağ Azərbaycandır!”
Masallı, 18 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev oktyabrın 3-də Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunda və MDB-nin Dövlət Başçıları Şurasının Aşqabad zirvə toplantısında Prezident İlham Əliyevin çıxışı zamanı söylədiyi cəsarətli, Azərbaycan xalqının hər bir nümayəndəsinin hüquqlarını müdafiə edən fikirlərini bir daha tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Qeyd olunub ki, xalqımız Prezidentin mövqeyini birmənalı olaraq dəstəkləyir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Nahid Rəhimov, Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Məmmədağa Şiriyev və başqaları çıxışlarında bildiriblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət torpaqlarımızın işğaldan azad olunacağı günü daha da yaxınlaşdırır.