REGİONLAR
Masallılı gənclər şəhid idmançının ailəsini ziyarət ediblər
Masallı, 19 mart, Bağır Əliyev, AZƏRTAC
Novruz bayramı ərəfəsində Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Əlizadə Famil Habil oğlunun ailəsini ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanan gənclər 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışıblar.
Qeyd olunub ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə Vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş övladların xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur.
Şəhid Famil Əlizadənin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Famil Əlizadə Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin yunan-Roma güləşi bölməsinin yetirməsi idi. O, dəfələrlə rayon və zona yarışlarının iştirakçısı və mükafatçısı olub.
O, 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbi bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib, elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik ustası peşəsinə yiyələnib.
F.Əlizadə 2017-ci ilin iyulunda hərbi xidmətə çağırılıb, 2020-ci ilin yanvarında ordudan tərxis olunub.
İgid döyüşçü Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhəboyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan Azərbaycan Ordusunun könüllü əsgəri Famil Əlizadə Füzuli rayonunun alınmasında, Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib.
Gənc döyüşçü subay idi. 2020-ci il oktyabrın 22-də Ərkivan qəsəbəsinin Bağlakücə məhəllə qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Famil Habil oğlu Əlizadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.