REGİONLAR
Masallılı ziyalı: Haqq mübarizəsindən, haqq davasından qalib ayrıldıq
Masallı, 12 noyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi Böyük Qələbə xəbərini ölkəmizin bütün vətəndaşları kimi, Masallı rayonunun sakinləri də böyük coşqu ilə qarşılayıb. 10 noyabr səhərini 30 il həsrətində olduğumuz xoş bir müjdə ilə açdıq. Sevincdən gözlərimiz yaşardı, Qələbə qüruru başımızı ucaltdı. Tarixi ədaləti bərpa etdik. Bizə bu xoşbəxt anları yaşadan birliyimiz, ordumuzun rəşadəti və bacarıqlı sərkərdəmizin qətiyyətli siyasi iradəsi, müdrikliyi oldu.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Masallı şəhər sakini, respublikanın qabaqcıl təhsil işçisi Fəxrəddin Talıbzadə söyləyib.
Yetmiş yaşlı ziyalı daha sonra deyib: “Qazandığımız Qələbəni qeyd etmək üçün sübh tezdən küçələrə çıxan minlərlə insan bu tarixi gün münasibətilə bir-birini qucaqlayır, təbrik edirdi. Bu mənzərəni görəndə necə sevinməyəsən?! Bu gün hər kəs Vətən uğrunda birləşib, ölkə rəhbərinin siyasətini dəstəkləyir. Məhz bunun nəticəsidir ki, 44 gün ərzində düşmənin başına od yağdıran oğullarımızın igidliyi, müqəddəs Vətən torpağı uğrunda can qoyan şəhidlərimizin qanı bahasına Şuşa qalasını fəth etdik, Qarabağa qayıtdıq!”
Söhbət zamanı sevinc göz yaşlarını gizlədə bilməyən F.Talıbzadə mənfur düşmənlərimiz üzərində qazanılmış Böyük Qələbədən qürur hissi keçirdiyini bildirib: “Məkrli niyyətlərini gerçəkləşdirməyə çalışan düşmənin arzusunu ürəyində qoyduq, faşist erməni ordusunu darmadağın etdik. Haqq mübarizəsindən, haqq davasından qalib ayrıldıq. Mənim də iki övladım düşmənlə təmas xəttində xidmət edir. Bir oğlum zabit, digəri isə könüllü əsgərdir. Sevinirəm ki, qələbə salnaməsinin şanlı səhifələrinin yazılmasında onların da payı var.”
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, informasiya müharibəsinin düzgün qurulmasında mətbuat işçilərinin, ziyalıların rolu danılmazdır. “Çalışaq ki, hamılıqla bu mübarizəyə öz töhfəmizi verək. Necə ki, müharibə dövründə ölkə rəhbəri 30-a yaxın beynəlxalq kütləvi informasiya vasitəsinə müsahibə verməklə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail oldu.