REGİONLAR
Masallının ilk tibb elmləri doktoru, professor Əvəz Cəbiyevin 100 illik yubileyi qeyd edilib
Masallı, 16 may, AZƏRTAC
Masallı rayon Heydər Əliyev Mərkəzində Masallının ilk tibb elmləri doktoru, professor Əvəz Cəbiyevin 100 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərhum yubilyarın və şəhidlərimizin xatirəsi ehtiramla anılıb, görkəmli alimin həyat yolu, elmi və həkimlik fəaliyyətini əks etdirən videoçarx izlənilib.
Yubiley tədbirində Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, deputat Anar İsgəndərov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Çingiz Axundov, Azərbaycan Tibb Universitetinin professoru Məhərrəm Niftullayev, Masallı RMX-nın baş terapevti, tibb üzrə fəlsəfə doktoru Vaqif Qurbanov, Ə.Cəbiyevin tələbələri, veteran həkimlər Vaqif Əhmədov, Məhəmməd İbayev mərhum professorun bir alim, ziyalı kimi Azərbaycanda çoxsaylı gənc alimlərin yetişməsində müstəsna rolundan danışıb, onunla bağlı xoş təəssüratlarını, xatirələrini bölüşüblər. Çıxışlarda alimin keçdiyi həyat yolunun gənclərə örnək olduğu vurğulanıb.
Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsi Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan və Ruslan Zahidovların və Şamo İbayevin ifasında lirik mahnılar səslənib.
Ə.Cəbiyevin gəlini Rəna Cəbiyeva, nəvəsi Fidan Hacızadə tədbirin təşkili üçün rayon rəhbərliyinə, zəhməti keçən hər kəsə, o cümlədən iştirakçılara minnətdarlıqlarını bildiriblər.
Əvəz Abdulhüseyn oğlu Cəbiyev 1922-ci ildə Ərkivan kəndinin (indi qəsəbədir) Cəbili məhəlləsində dünyaya göz açıb. 1940-cı ildə Ərkivan kənd orta məktəbini əla qiymətlərlə, 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Təhsilini institutun aspiranturasında davam etdirib. 1952-ci ildə Leninqradda, 1968-ci ildə isə İ.M.Seçenov adına Moskva Tibb İnstitutundan ixtisasartırma kursları keçib.
Masallı rayon Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında böyük mühasib, Bakı şəhər 3 saylı tibb məktəbində müəllim, sonra N.A.Semaşko adına xəstəxananın 1-ci şöbəsinin klinikasında terapevt-ordinator, 2-ci şöbənin müdiri işləyib. Müsabiqə yolu ilə 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun birinci müalicə kafedrasına assistent, 1963-cü ilin martında dosent, 1969-cu ilin iyununda professor seçilib və ömrünün sonunadək orada fəaliyyət göstərib. Eyni zamanda, institutun müalicə-profilaktika fakültəsində Azərbaycan və rus dillərində mühazirələr oxuyub.
1954-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün tədqiqatlarının məcmusu kimi yazdığı "Endemik səpkili yatalaq xəstəliyində karbohidratlar mübadiləsi" mövzusunda dissertasiya müdafiə edib. Bu, Azərbaycan SSR siyasi və elmi bilikləri yayan cəmiyyətin üzvü, 32 yaşlı Əvəz Cəbiyevin ilk elmi uğuru olub. 14 ildən sonra ikinci dəfə həmin tribunaya qalxıb. 1968-ci ilin mayında Ə.Cəbiyev “Azərbaycanın müxtəlif əhali qrupları arasında ürəyin işemik xəstəliyinin epidemiologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1973-cü ilədək alimin 54 elmi əsəri ölkə mətbuatında dərc olunub. Respublikamızda, xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə, simpozium və müşavirələrdə mühazirələr oxuyub, məruzələrlə çıxış edib.
Ə.Cəbiyev 1977-ci ildə, 55 yaşında dünyasını dəyişib.