REGİONLAR
Masallının mətbuat işçiləri Milli Mətbuat Gününü qeyd ediblər
Masallı, 22 iyul, Bağır Əliyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Milli Mətbuat Gününə həsr olunmuş “Milli mətbuatımızın tarixi səhifələri" mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Jurnalistlərin, ziyalıların, təhsil və mədəniyyət işçilərinin, ictimaiyyət nümayəndələrinin və Masallı şəhərindəki “ASAN xidmət” Mərkəzinin könüllülərinin də iştirak etdiyi tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva mətbuat işçilərini əlamətdar gün münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Ələşrəf Niftiyev, rayonda nəşr olunan həftəlik “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, qəzetin məsul katibi Həsənağa Əliyev, şair-publisist Xanəli Tolış, 2 nömrəli Regional “Mətbuatyayım” İdarəsinin rəisi Əbülfəz Nuriyev görkəmli jurnalist və maarifçi Həsən bəy Zərdabi ilə başlayan milli mətbuat və onun keçdiyi tarixi inkişaf mərhələlərindən danışaraq, ölkəmizdə mətbuatın inkişafına göstərilən dövlət dəstəyini, bu sahədə reallaşdırılan tədbirləri diqqətə çatdırıblar.
Qeyd olunub ki, Azərbaycanda milli mətbuatın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönələn siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.