SİYASƏT


Maykl Pompeo: ABŞ Azərbaycanla birgə işin davam etməsini və dərinləşməsini səmimiyyətlə arzulayır

Bakı, 20 sentyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Dövlət katibi əlamətdar yubileylə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına Amerika Birləşmiş Ştatları adından salamlarını və təbriklərini çatdırıb. Vurğulayıb ki, ölkəsi Azərbaycanla energetika, iqtisadiyyat, təhlükəsizlik sahəsində və digər sahələrdə birgə işin davam etməsini və dərinləşməsini səmimiyyətlə arzulayır.

Məktubda deyilir: “Bu il 25-ci ildönümün qeyd edilməsi Azərbaycanın dünya bazarlarına öz zəngin enerji ehtiyatlarını davamlı şəkildə çatdırdığı vaxta təsadüf edir. Son iyirmi beş il ərzində Birləşmiş Ştatlar öz enerji ehtiyatlarının işlənilməsində, Avropanın və dünyanın enerji təhlükəsizliyinə töhfə verilməsində və müstəqil dövlət kimi öz siyasi xəttinin formalaşdırılmasında Azərbaycanın göstərdiyi səylərdə onun qətiyyətli tərəfdaşı olub. 1994-cü ildə Qərb şirkətləri ilə bu müqaviləni imzalamaqla və Bakı–Tbilisi–Ceyhan boru kəmərini inşa etməklə Azərbaycan dünya bazarlarında əsas neft təchizatçısına çevrildi və ilk dəfə olaraq Xəzər dənizi ilə Aralıq dənizi arasında birbaşa enerji bağlantısı yaratdı.

Azərbaycan yenə də təşəbbüskar rolunda çıxış edərək, bu dəfə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz ixrac etməklə Avropanın enerji təhlükəsizliyinə strateji əhəmiyyətli töhfə verir. Xəzər Neft və Qaz Sərgisinin 26-cı ildönümü münasibətilə Prezident Tramp öz məktubunda qeyd etdiyi kimi, biz Sizin səylərinizi tam dəstəkləyirik və hesab edirik ki, Azərbaycanın iqtisadi uğuru regionun sabitliyi və çiçəklənməsi üçün əhəmiyyətlidir”.

Maykl Pompeo qeyd edir ki, uğurlu enerji əməkdaşlığımız həm iqtisadi işbirliyimizi, həm təhlükəsizlik sahəsində tərəfdaşlığımızı, eləcə də insan hüquqları, fundamental azadlıqlar və demokratik idarəçilik sahəsində davamlı fəaliyyətimizi əhatə edən strateji münasibətlərimizə müsbət töhfə verib.

Məktub bu sözlərlə tamamlanır: “Birləşmiş Ştatlar bütün bu sahələrdə birgə işimizin davam etməsini və dərinləşməsini səmimiyyətlə arzulayır. Bu mühüm tarixi hadisənin ildönümü münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.