REGİONLAR
Məcburi köçkün: Ermənilər torpaqlarımızdan qovulacaq, Qarabağımız tezliklə azad ediləcək
Ağsu, 6 oktyabr, AZƏRTAC
Hər dəfə Qarabağımızda Azərbaycan Silahlı Qüvvələrinin bir yüksəkliyi, bir kəndi, bir şəhəri düşməndən azad etdiyini eşidəndə qəlbim çırpınır, sevincimdən kövrəlirəm. Artıq Murov yüksəkliyi, Suqovuşan, Talış, Cəbrayıl şəhəri, neçə-neçə kəndimiz geri alınıb. Ordumuz irəliləyir, düşmən silahını, döyüş sursatını və texnikasını atıb qaçır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın təmizlənəcəyi gün artıq yaxınlaşır. O gün ki, uzun illərdir həsrətindəyik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Ağsu rayonunda müvəqqəti məskunlaşan Laçın rayonunun Fərraş kənd sakini, məcburi köçkün Lətif Quluyev söyləyib. Xocalıya yaxın ərazidə olan bu kənd Ermənistan ordusu tərəfindən işğal olunduqdan sonra Lətif 1992-ci ildən qaçqın həyatı yaşayıb. Ermənilərlə döyüşdə qardaşı Sabir Quluyev ağır yaralanıb, indi ikinci qrup əlildir. Ağsuda məskunlaşan və burada ailə həyatı quran Lətifin iki övladı var. Hazırda “Aztelekom” İstehsalat Birliyinin Ağsu Telekommunikasiya qovşağında işləyir. O, 21 yaşında qaçqın düşüb və indi 49 yaşındadır. Doğulub boya-başa çatdığı Fərraş kəndinin həsrətindədir. “Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə çox-çox minnətdarıq. Səbirlə, təmkinlə, uzaqgörənliklə ölkəmizi gücləndirdi, güclü ordu yaratdı. Budur, indi erməni ordusu Silahlı Qüvvələrimizin qarşısında aciz qalıb, qaçır. Qaça-qaça da erməniyə xas olan pis xislətini göstərir. Qarabağdan kənar uşaq, şəhər və kəndlərimizi vurur, dinc insanları qətlə yetirir. Lakin onların insanlığa yaraşmayan bu əməlləri uzun çəkməyəcək. Ermənilər torpaqlarımızdan qovulacaq, Qarabağımız tezliklə azad ediləcək”, - deyə laçınlı məcburi köçkün söyləyib.