MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyinin Regional idarələrində çalışan dövlət qulluqçuları üçün təlimlər keçirilib
Bakı, 22 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Regional idarələrində çalışan dövlət qulluqçuları üçün “Etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə” mövzularında təlimlər keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimçi qismində Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov çıxış ediblər.
Təlimdə 92 nəfər iştirak edib. Təlim iştirakçılarına etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, bu barədə müraciətlərə baxılması, korrupsiya risklərinin müəyyən edilməsi və digər məsələlər haqqında məlumat verilib.