REGİONLAR


Mədəniyyət və turizm naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib VİDEO

Şəki, 1 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AZƏRTAC xəbər verir ki, avqustun 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi düzərək xatirəsini ehtiramla yad edib.

Nazirliyin məsul əməkdaşlarının iştirak etdiyi qəbulda 20-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən, yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarix və mədəniyyət abidələrinin təmiri və bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.

Şəkidən qəbula yazılan vətəndaşlar tərəfindən şəhər 2 nömrəli uşaq musiqi məktəbi üçün yeni binanın tikilməsi, Şəki şəhərində fəaliyyət göstərən muzeylərin beynəlxalq turizm marşrutlarına daxil edilməsi, kitabxana fondlarının tədris vəsaitləri və elmi ədəbiyyatla komplektləşdirilməsinə kömək göstərilməsi xahiş edilib.

Balakən sakinlərinin müraciətləri rayon ərazisində yerləşən “Pəri qalası”nın təmir-bərpa olunması, otellərin mədəniyyət müəssisələri ilə əməkdaşlığının gücləndirilməsi, kitabxana fondlarının turizm və uşaq ədəbiyyatı ilə təmin edilməsinə kömək göstərilməsi, rayon tarix-diyarşünaslıq muzeyində tərtibat işlərinin aparılması və işlə təminat barədə olub.

Qax rayonundan qəbula gələnlər 2011-ci ildə rayonda daxili imkanlar hesabına yaradılan “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzinin fəaliyyətinin səmərəli təşkili üçün ştat vahidlərinin ayrılması, Qaxbaş kəndinin ərazisində “Modern kitabxana” layihəsinin icrasına başlanması ilə bağlı xahişlərini çatdırıblar.

Zaqatala sakinləri tərəfindən şimal-qərb bölgəsi rayonları üzrə rəqs müsabiqəsinin təşkili, rayonda “Fındıq festivalı”nın keçirilməsi, kitabxana fondlarının rus dilində uşaq ədəbiyyatı və bədii ədəbiyyatla komplektləşdirilməsinə kömək göstərilməsi barədə müraciətlər səslənib.

Oğuz rayonundan qəbula gələnlərin müraciətləri 1986-cı ildən fəaliyyət göstərən “Oğuz” ailə ansamblına “Xalq kollektivi” adının verilməsi, uşaq musiqi məktəbinin fortepiano aləti ilə təmin olunması, müalicəvi ot və bitkilərin təbliği məqsədi ilə “Şəfa” bayramının keçirilməsi, Calud kəndi ərazisindəki qədim məbədin təmiri və abidənin turizm marşrutuna daxil edilməsi və digər məsələlərlə bağlı olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlətimizin başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, ötən görüşlərdə olduğu kimi, bu dəfə də vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülüb. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımından vacibdir.

Şimal-qərb bölgəsinin ölkənin turizm mərkəzlərindən birinə çevrildiyini, bölgəyə turist axınının sürətlə artığını vurğulayan nazir Əbülfəs Qarayev belə bir şəraitdə turistlərə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsinin mədəniyyət müəssisələrinin qarşısında duran ən vacib məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, nazirliyin regional idarələri xüsusilə yay aylarında yerlərdə, turizm məkanlarında, açıq havada təşkil etdikləri konsert və sərgilərin sayını artırmalıdır. Mədəniyyət müəssisələri ölkəmizin, eləcə də bu bölgənin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir.

Nazir Əbülfəs Qarayev vətəndaşların qəbulundan sonra Şəkidə bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.