ELM VƏ TƏHSİL
Məhəbbət Vəliyeva: Novruz bayramı insanlar arasında birlik və mehribanlığın nişanəsidir
Bakı, 17 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı 116 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan xalqının milli mənəvi, maddi və mədəni dəyərlərinin gənc nəslə daha yaxından tanıdılması və təbliği məqsədilə təşkil olunan tədbirdə məktəbin direktoru Gülnaz Kərimova insanların arzu və ümidlərini, niyyətlərini təcəssüm etdirən Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, onlara xoş günlər arzulayıb.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Novruzun tarixi köklərinin çox qədimə dayandığını və mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi özündə əks etdirən, dünyaya tanıtdıran qədim bayramlardan olduğunu söyləyib. Novruzun sülh və əmin-amanlıq, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu deyən M.Vəliyeva bayramın yenidən Qarabağ torpaqlarında keçiriləcəyinə əminliyini bildirib.
M.Vəliyeva BŞTİ-nin təşəbbüsü ilə təşkil olunan belə möhtəşəm Novruz bayramı tədbirlərinin keçirilməsi ənənəsinin digər rayonları və məktəbləri də əhatə edəcəyini diqqətə çatdırıb.
Mili Məclisin deputatı Fuad Muradov bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib. Novruzun dövlət səviyyəsində qeyd edildiyini deyən F.Muradov bu işdə ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan danışıb.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Novruzu xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayram kimi səciyyələndirib.
Bayram şənliyində Novruz personajları Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızının gəlişi, idmançıların, tarixi və kino personajlarının çıxışları iştirakçıların marağına səbəb olub.
Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər bacarıqlarını nümayiş etdiriblər.