CƏMİYYƏT
Məişət tullantılarının kənar yerlərə atılmasının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilir
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin doqquz ayı ərzində məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına görə 535 nəfər inzibati məsuliyyətə cəlb edilib. Həmin şəxslərə ümumilikdə 23 min manatdan artıq cərimələr tətbiq olunub.
Bu ilin oktyabr ayı ərzində paytaxtın Yasamal, Səbail və Xəzər rayonları ərazilərində analoji hüquqpozmalara yol vermiş üç nəfər barəsində 13 min 550 manat məbləğində cərimələr tətbiq edilib. Həmçinin ev heyvanlarını qadağan olunmuş yerlərdə gəzdirdiklərinə görə üç nəfərin hər biri 200 manat məbləğində cərimələnib.
Hazırda qeyd olunan istiqamətlərdə tədbirlər davam etdirilir.