ELM VƏ TƏHSİL
Məktəb direktoru vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək
Bakı, 23 aprel, AZƏRTAC
Məktəb direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin may-avqust aylarında keçirilməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibələr 4 mərhələdə təşkil ediləcək. İlkin mərhələ may ayında baş tutacaq. Birinci mərhələdə imtahan nəticəsi 36 baldan çox olan və şagird sayı 1000 nəfərdən çox olan 40 ümumi təhsil müəssisəsində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı planlaşdırılır. İkinci mərhələdə imtahan nəticəsi 30 baldan çox olan və şagird sayı 500-1000 nəfər olan 72 ümumi təhsil müəssisəsində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı nəzərdə tutulur. Üçüncü mərhələdə isə imtahan nəticəsi 26 baldan çox olan və şagird sayı 100-500 nəfər olan 323 ümumi təhsil müəssisəsində, dördüncü mərhələdə imtahan nəticəsi 24 baldan çox olan və şagird sayı 2-100 nəfər olan 189 ümumi təhsil müəssisəsində vakant direktor vəzifəsini seçmiş namizədlər iştirak edəcək.
Müsahibə mərhələsinə namizədlərin daha hazırlıqlı iştirakını təmin etmək məqsədilə müsabiqə proqramı və nümunəvi müsahibə sualları hazırlanıb.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə proqramı və müsabiqənin müsahibə mərhələsi üçün nümunəvi suallarla Təhsil Nazirliyinin rəsmi saytında tanış olmaq mümkündür.