ELM VƏ TƏHSİL
Məktəbdə “Cahana sığmayan şair” adlı tədbir keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 283 nömrəli tam orta məktəbdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Cahana sığmayan şair” adlı tədbir keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova böyük Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, şairin əsərlərindən bəhs edib, onun zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıb.
Milli Məclisin deputatı Qənirə Paşayeva Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsinin çox əlamətdar və təqdirəlayiq hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, Nəsimi yaradıcılığındakı mübarizlik, haqqı bütün varlığı ilə müdafiə etmək, nahaqqa qarşı son damla qanınacan vuruşmaq bütün xalqın, ilk növbədə, gənc nəslin formalaşmasına müsbət təsirini göstərib.
BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva “Nəsimi ili” ilə əlaqədar ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərin, təqdimatların keçirilməsinin və şairin ədəbi irsinin yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb. Müdir müavini Nəsimi adının nəinki ölkəmizdə, hətta beynəlxalq arenada da uca tutulduğunu və dünya ictimaiyyətinin də onun yaradıcılığı ilə tanış olduğunu bildirib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri olduğunu vurğulayıb.
Sonra şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub. Həmçinin şagirdlər görkəmli şairin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.