ELM VƏ TƏHSİL
Məktəbdə Həmidə xanım Cavanşirin 150 illik yubileyi qeyd olunub
Bakı, 25 yanvar, AZƏRTAC
Paytaxtdakı 284 nömrəli tam orta məktəbdə Həmidə xanım Cavanşirin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, 284 nömrəli tam orta məktəbin direktoru Xalid Alıhüseynov ölkəmizdə ictimai-siyasi xadimlərin, incəsənət nümayəndələrinin fəaliyyətinə qiymət vermək, qayğı göstərmək və onları anmağın bir dövlət siyasətinə çevrildiyini qeyd edib. Rəhbərlik etdiyi təhsil müəssisəsində Həmidə xanım Cavanşir kimi bir şəxsiyyətin yubileyinin keçirilməsindən böyük qürur duyduğunu bildirib.
BŞTİ-nin müdiri M.Vəliyeva “Heydər Əliyev İli”nin rəmzi olaraq təhsildə Heydər Əliyev dərsləri ili kimi ehtiva oluna biləcəyini bildirib. Bu istiqamətdə təhsil müəssisələrində yubileyi olan dahi şəxsiyyətlər barədə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətindən danışıb. O, Həmidə xanım Cavanşir kimi qəhrəman, ürəyi hər zaman xalqı üçün döyünən, böyük xeyriyyəçi və cəfakeş insanın həyatı, fəaliyyəti, xeyirxah əməlləri barədə şagirdləri məlumatlandırmağın vacibliyini vurğulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ulu Öndər Heydər Əliyevin hər zaman adını tariximizə qızıl hərflərlə yazdıran görkəmli şəxsiyyətlərimizə böyük hörmət bəslədiyini və onlara yüksək qiymət verdiyini bildirib. O, Həmidə xanım Cavanşirin də məhz həmin şəxsiyyətlərdən olduğunu deyib, onun 150 illik yubileyinin məktəbdə qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib, şagirdlərə bu cür şəxsiyyətlərin tanıdılmasının onların gələcək həyatlarına müsbət təsirindən, gələcəyin ziyalı nəslinin yetişməsində müstəsna əhəmiyyətindən danışıb. Komitə sədri Həmidə xanımın təhsilə, elmə olan sevgisindən söz açaraq qeyd edib ki, o, həmvətənlərinin maarifdən kənarda qalmaması üçün hər zaman çalışıb. O, atasının ən böyük arzusunu gerçəkləşdirmək üçün doğma kəndi Kəhrizlidə xüsusi bina tikdirərək 1912-ci ildə məktəb açıb və özü də burada dərs deyib, Tiflisdəki “Müqəddəs Nina” qızlar məktəbində Azərbaycan dili müəllimi olmadığına görə dərslərin keçirilməməsindən narahat olan Həmidə xanım məktəbə müəllim təyin etdirib.
Digər çıxış edənlər də Azərbaycan xalqının tarixinə adını təkcə mesenat kimi deyil, böyük maarifçi kimi yazdıran Həmidə xanım Cavanşir barədə şagirdləri məlumatlandırmaq baxımından bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.
Şagirdlər Həmidə xanım Cavanşir və Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətindən bəhs edən səhnəciklər təqdim ediblər.
Sonda Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib.