CƏMİYYƏT
Məktəbdə maarifləndirici təlim keçirilib
Bakı, 13 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Suraxanı rayonundakı 318 nömrəli orta məktəbin 9-11-ci sinif şagirdləri arasında insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiə istiqamətində maarifləndirici təlim keçirib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, təlim sosial çarxın nümayişi ilə başlayıb.
Məktəbin direktoru Mürsəl Kazımov insan alverinin qarşısının alınması sahəsində dövlətin atdığı addımları yüksək qiymətləndirib. Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova uşaq hüquqlarının müdafiəsi, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları haqqında təqdimatla çıxış edərək ölkəmizdə və bütün dünyada problemin geniş yayıldığını söyləyib. O, bu sahədə ölkəmizdə qəbul edilmiş qanunvericilik, Milli Fəaliyyət Planı haqqında məlumat verərək deyib ki, Dövlət Komitəsi insan alverinin qarşısının alınması sahəsində mütəmadi olaraq tələbə və şagirdlər arasında maarifləndirici təlimlər keçirir.
Təlimdə çıxış edən Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin polis polkovnik-leytenantı Fuad Əliyev şagirdlərə insan alverinə qarşı həyata keçirilən mübarizə tədbirləri, trafikkinq qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları haqqında maarifləndirici məlumatlar verib.
Mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılara maarifləndirici çap materialları təqdim edilib.