ELM VƏ TƏHSİL
Məktəblərdə danışıq klubları yaradılır
Bakı, 18 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Ümumi təhsil məktəblərində ingilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə başlanılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə qazandıqları xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etmələrinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdır.
Klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazımi dəstəyin göstərilməsi üçün paytaxtın 12 inzibati rayon üzrə pilot məktəblərinin ingilis dili müəllimləri müvafiq təlimlərə cəlb olunurlar. Təlim zamanı danışıq klublarının təsis olunması, klub proqramının hazırlanması, yaş qruplarına uyğun fəaliyyətlərin təşkili, şagirdlərin kluba cəlb edilməsi metodları və digər məlumatlar təlimçi-müəllimlərin diqqətinə çatdırılır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi ətrafında fikir mübadiləsi aparılır. Təlimdə, həmçinin ingilis dili müəllimlərinin təklifləri dəyərləndirilir və onların müvafiq tələblərə uyğunluğu müzakirə olunur.
Təlimlər ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Meri Boymer tərəfindən aparılır.
Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə həyata keçirilən 25 yeni layihədən biri də “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” təşəbbüsüdür.