İQTİSADİYYAT
Məktəbli qızlar üçün startap treninq keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Mingəçevirdə ölkənin İKT sahəsində çalışan “Femmes Digitales” qadınlar klubunun təşkilatçılığı ilə 5-ci regional tədbir – məktəbli qızlar üçün startap treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mingəçevir və ətraf rayonlardan 70-ə yaxın məktəbli qız iştirak edib. İlkin mərhələdə onlara startap, startapın mərhələləri və reallaşdırılması, ideyaların seçilməsi və texnologiyaların köməyi ilə reallaşdırılması üzrə treninq keçirilib. Tədbirin növbəti mərhələsində məktəblilər üçün “Workshop” və müsabiqə də baş tutub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirin sponsorları Regional İnkişaf İctimai Birliyi (RİİB), “B.EST Solutions”, “Fominov Consulting”, “STEP IT Academy Baku”, “Сybernet”, “MONT”, “Keepface”, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “HiTecH İnvest”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Bakinity Distribution” olub.
“Femmes Digitales” qadın klubu 2014-cü ildə informasiya texnologiyaları sahəsində çalışan qadınlar arasında şəbəkə qurmaq və bu sahədə çalışmaq istəyən qadınlara dəstək və təhsil vermək məqsədi ilə yaradılıb.