İQTİSADİYYAT
Məktəblilər alternativ enerji mənbələri haqqında maarifləndirici bukletlər hazırlayacaqlar
Bakı, 20 mart, AZƏRTAC
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə “Yenilənə bilən enerji ilə biliyimizi yeniləyək” mövzusunda orta məktəblərdə keçirilən silsilə tədbirlər “Buklet yarış-treninqi” ilə davam etdirilib.
ABOEMDA-nın mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, 36, 80, 126, 203 saylı məktəblərdə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən şagirdlərə müxtəlif formalı bukletlərin hazırlanması qaydaları təcrübi olaraq izah edilib. Məqsəd şagirdlərin tükənməyən enerji mənbələri haqqında əldə etdikləri bilik və bacarıqlarının tətbiqi imkanlarını genişləndirmək, eyni zamanda, onlara yeni bir sahəni öyrətməklə tədrisə köməkçi olmaq və məktəblilərin sosiallaşmasında, qlobal inteqrasiya prosesində mühüm rol oynamaqdır.
Həmin məktəblərin şagirdləri qrup şəklində 10 gün müddətində alternativ enerji mənbələri haqqında maarifləndirici və ya reklam xarakterli bukletlər hazırlayacaqlar. Onlar bu bukletlər vasitəsilə vətəndaşlar arasında videosorğu keçirərək nəticələr barədə esse yazacaqlar.