İQTİSADİYYAT
Məlumat Hesablama Mərkəzi ilə “Samsung Electronics” arasında memorandum imzalanıb
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Koreya Respublikasının “Samsung Electronics” şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, memorandumu dünyanın texnologiya nəhəngi olan “Samsung Electronics” şirkəti tərəfindən Azərbaycan nümayəndəliyinin rəhbəri Jae Hun Lee və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov imzalayıb.
Sazişin əsas məqsədi tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsidir. Cari ilin sentyabrında tərəflər arasında baş tutmuş görüşün və aparılmış danışıqların nəticəsində imzalanmış bu memoranduma görə, hər iki təşkilat innovativ həllərin və proqram təminatlarının hazırlanması sahəsində birgə çalışacaq.
Memorandum “Samsung” mobil qurğuları üçün proqram məhsullarının, “Samsung” mobil qurğuları əsasında elektron sənəd dövriyyəsi sisteminin, “Samsung” şirkətinin KNOX mobil təhlükəsizlik platforması üzərində müştərək həllərin, “Elektron imza” mobil həllərinin “Samsung” mobil qurğuları üçün hazırlanması və tətbiqini, həmçinin “Samsung” mobil qurğularının ayarları və mobil tətbiqlərinin məsafədən idarə olunmasının təmin edilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.
Belə ki, bu əməkdaşlıq çərçivəsində artıq tətbiqinə başlanılmış, yerli mütəxəssislər tərəfindən hazırlanan “AzDoc” adlı proqram üçün xüsusi platforma hazırlanır. “AzDoc” müəssisə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən yeni bir alətdir. Proqram artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur. Gələcəkdə isə bütün dövlət təşkilatları bu proqramla işləyə biləcək. Proqram “Elektron imza və Elektron sənəd haqqında” qanuna və kargüzarlıq təlimatlarına tam uyğundur. Bu proqramda sənədləri elektron imza ilə imzalamaq da mümkündür.
Beləliklə, “Samsung” şirkəti ilə birgə Məlumat Hesablama Mərkəzi KNOX mobil təhlükəsizlik platforması üzərində mobil imzanın tətbiqini reallaşdırır. Təkmilləşdiriləcək yeni platforma üzərindən istifadəçilər istənilən yerdə sənədlərini oxuya və imzalaya biləcək.
Məlumat Hesablama Mərkəzi sözügedən memorandum əsasında “Samsung” şirkəti ilə birlikdə innovativ proqram təminatlarının, xüsusən də, məsafədən idarəsi mümkün olacaq həllərin hazırlanmasına, “Əşyalar interneti” konseptinə keçid edəcək. Həmçinin bu əməkdaşlıq çərçivəsində davamlı İKT infrastrukturunun qurulması, İKT sistemlərinin təhlükəsiz inteqrasiyası üzrə təcrübələr mübadiləsi təmin olunacaq.
Əməkdaşlıq çərçivəsində istifadəçi audentifikasiyası tələb olunan sistemlərdə tanınma və sənədlərin imzalanaraq ötürülməsi prosesləri maksimum optimallaşdırılacaq.