İQTİSADİYYAT
Məlumatların ötürülməsi üzrə yeni, təkmilləşdirilmiş İPS-poçt sistemi hazırlanır
Bakı, 7 may, AZƏRTAC
Dünya Poçt İttifaqında məlumatların ötürülməsi üzrə yeni, təkmilləşdirilmiş İPS-poçt sistemi hazırlanır. Cari ilin üçüncü rübünədək bu sistem Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-də tətbiq olunacaq.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, “Azərpoçt” və Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanan Avtomatlaşdırılmış Gömrük Sistemi İPS-poçt sisteminin üzərində qurulacaq. Sistemə uyğun olaraq vətəndaş artıq öz poçt göndərişini həyata keçirəndə elektron bəyannaməsini əvvəl poçtdaşıma mərkəzinə göndərəcək. Bağlama gələnədək isə məlumatlar gömrük orqanlarında yoxlanılacaq və sonra öz ünvanına göndəriləcək.
“Azərpoçt” MMC 100-dən artıq ölkə ilə beynəlxalq poçt göndərişlərinə dair izləmə, sorğu sistemi ilə məşğul olur və 24 saat ərzində sorğulara cavab alınır. Bağlamaların EDİ mesajlarının ötürülməsi sistemi ilə 160-a yaxın, sifarişli poçt göndərişlərinə dair isə 100 ölkə ilə iş aparılır.